FHN Ağdamda əməyin təhlükəsizliyi ilə bağlı müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Ağdam rayonu, Quzanlı qəsəbəsində “Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə keçirilib.

 

Seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

 

Çıxış edən Agentliyin rəis müavini Piri Quluzadə sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək, bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

 

Daha sonra Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun baş mütəxəssisi Nəsib Nəsibov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən danışıb, sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara məlumat verib.

 

Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti dövlət agentliyinin baş müfəttişi Eldar Əhmədov və digər natiqlər texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.

 

Sonda mövzu ətrafında geniş müzakirə aparılıb, yaranan suallar cavablandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv