FHN Akademiyasında beynəlxalq regional təlim keçirilir
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlimə start verilib.
APA TV-nin məlumatına görə, təlim Fövqəladə Hallar Nazirliyinin (FHN) və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə tədbir iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov xarici qonaqlara nazirliyin gördüyü işlər barədə ətraflı məlumat verib: "Prezident İlham Əliyevin diqqəti nəticəsində nazirliyin maddi-texniki bazası gücləndirilib, kadr hazırlığının təşkili, məlumat mübadiləsinin aparılması və digər sahələrdə nailiyyətlər əldə olunub. Ən müasir texnika, xilasetmə avadanlıqları, xüsusi geyimlər, texniki vasitələr, təyyarə helikopterlər alınıb. Həmçinin qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə bir sıra ölkələrə, o cümlədən Türkiyə, İran, Pakistan, Rusiya, Cibuti, İndoneziya və Banqladeşə müxtəlif vaxtlarda humanitar yardımlar göndərilin, habelə nazirliyin şəxsi heyyəti müxtəlif ölkələrdə ən çətin əməliyyatlarda iştirak ediblər."
Nazir çıxışında fövqəladə hadisələrin qarşısını almaq məqsədilə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib: "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi təbii və texnogen xarakterli fövqəladə hallarla effektiv mübarizə aparmaq üçün bütün mütərəqqi təşəbbüslərə qoşulmağa hazırdır”.
Çıxış edən Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupu (INSARAG) Katibliyinin rəhbəri Rudolf Muller, Belarus Fövqəladə Hallar naziri Vladimir Vaşenko, Türkiyənin Daxili İşlər nazirinin müavini İsmail Çataklı və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai tədbirin əhəmiyyətini qeyd edərək, müasir dünyamızda baş verən fövqəladə hallarla mübarizə sahəsində birgə əməkdaşlığın vacibliyindən danışıblar.
Daha sonra təlim iştirakçıları FHN-in texnika və avadanlıqları ilə tanış olub olublar.
Qeyd edək ki, sözügedən təlim noyabrın 8-dək davam edəcək.