FHN Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə akademiyanın rəisi general-mayor Baba Salayev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Polis Akademiyasının rəisi general-mayor Nazim Əliyev, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, akademiyanın zabit və kursant heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan akademiyanın rəisi Baba Salayev Azərbaycan Respublikasında dünya azərbaycanlılarının həmrəyliyi prosesinin daim diqqət mərkəzində saxlanıldığını deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi xalqı öz ətrafında birləşdirməyə qadir olub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 31 dekabr dünyanın hər bir yerində yaşayan azərbaycanlıların birlik günü olduğunu diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam edib.
Elvin Paşazadə,
Musa Qulammirzəyev,
APA TV