20:51 25 noyabr 2021 277
Ana səhifə Xəbərlər

FHN ANAMA ilə birgə Ağdam və Füzuliyə media-tur təşkil edib

Ağdamın işğaldan azad olmuş ərazilərinə media-tur təşkil olunub.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən təşkil olunmuş media-turun məqsədi minatəmizləmə prosesini izləmək, minalardan təmizlənmiş ərazilərə baxış keçirmək, mina təmizləyənlərin iş prinsipi ilə tanışlıq olub.

 

Media nümayəndələrinə məlumat verilib ki, 2021-ci ilin yanvar ayından başlayan əməliyyatlar, əsasən, Ağdam və Füzuli rayonları ərazisində işğaldan azad edilən kənd və qəsəbələrdə, xüsusilə də yollar, elektrik xətləri çəkilən ərazilər, inşaat işləri aparılacaq sahələr, içməli su hövzələrinin kənarında aparılır.

 

Daha sonra media nümayəndələri ərazinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi prosesinə hazırlıq, əməkdaşların təlimatlandırılması, təmizləmə prosesini izləyiblər.

 

Jurnalistlər təmizlənmə zamanı aşkarlanmış mina və PHS-ə də baxış keçiriblər.

 

Media-tur zamanı yağış yağması səbəbindən beynəlxalq minatəmizləmə standartları və təhlükəsizlik nəzərə alınaraq, humanitar minatəmizləmə əməliyyatı dayandırılıb.

 

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexniki İstehkam Hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərov APA TV-yə müsahibəsində bildirib ki, digər aidiyyəti dövlət orqanları ilə yanaşı, FHN-nin qüvvə və vasitələri işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə tapşırıqlarına cəlb edilib: “Tapşırıqların icrası məqsədi ilə nazirliyin əməkdaşları Türkiyə Respublikası Silahlı qüvvələrində keçirilən aidiyyəti kurslarda, eləcə də Rusiya Federasiyası FHN - in əməkdaşları tərəfindən keçirilən aidiyyəti kurslarda iştirak edərək sertifikatlarla təmin edilmiş və Azərbaycan Respublikasının Mina təmizləmə  Agentliyi tərəfindən akkreditasiya olunaraq əraziyə cəlb edilmişdir.”

 

Fövqəladə Hallar Nazirliyi və Daxili işlər nazirliyi işğaldan azad olan ərazilərdə quruculuq işlərində iştirak edən şəxsləri, ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifadə etməyə çağırır. Eyni zamanda qeyri-qanuni yollarla da ərazilərə keçən və keçmək istəyən vətəndaşlara bir daha müraciət edərək xahiş edir ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər.

 

Mina təhlükəsindən danışan Süleyman Heydərov əhaliyə səslənərək, qaydalara riayət etməyə çağırıb: “Çağırışımız budur ki, polis nəzarət postlarından yayınaraq işğaldan azad olmuş ərazilərə keçidi dayandırsınlar. Hər bir şəxs şüurlu şəkildə dərk etməlidir ki, qaydalar məhz onların həyat və sağlamlıqlarını düşünərək qəbul edilib. Bu işdə bizə ən böyük dəstək məhz vətəndaşlarımızın məsuliyyətli yanaşmasıdır. Respublikanın bütün aidiyyəti orqanlarının qüvvə və vasitələri bu işə səfərbər edilib. Tezliklə ərazilər müharibənin partladıcı qalıqlarından təmizləndikdən sonra onlar öz doğma dədə-baba yurdlarına geri dönəcəklər.”

 

 

Əhaliyə bir daha müraciət edərək bildirilir ki, mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməmək üçün qoyulan qaydalara həssas yanaşılsın.

 

Habil Aslanoğlu, Arzu Quluyev, APA TV

 

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın