FHN Badamdar sürüşmə sahəsində görüləcək işləri açıqladı
“Son zamanlar Badamdar ərazisində atmosfer çöküntülərinin artması, kanalizasiya sularından olan sızmalar hesabına kütlə üzərində müəyyən uçqunlar əmələ gəlib. Bu səbəbdən ərazidə həyata keçirilməli olan layihənin reallaşması ləngiyir”.
APA TV-nin xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitutunun Geoloji şöbəsinin rəisi Samir Vəliyev deyib.
Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq Badamdardakı sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Buna səbəb kanalizasiya sularından və digər suvarma sularından olan yeraltı suların səviyyəsinin qalxmasıdır. Bu baxımdan həmin ərazidə yenidən aktivləşmə baş verib: “Fövqəladə Hallar Nazirliyi Yaponiyanın “Shinyei Kaisha” və “Oyo Corporation” şirkətinin əməkdaşları ilə birlikdə həmin ərazidə yenidən tədqiqat işləri aparıb və müvafiq layihə işləri həyata keçirib. Layihə işlərinə əsasən yamacın qaş hissəsindən yuxarıda diametri 3,5, dərinliyi 30 metr olmaqla dərin drenaj quyuları qazılmalı idi. Bundan sonra həmin quyuların içərisindən yenə də layihəyə uyğun olaraq 5-7 dərəcə bucaq altında, uzunluğu 40-50 m layihədə öz təsdiqini tapıb, buna uyğun yenə də 75 mm dərinlikdə drenaj quyuları qazılaraq həmin ərazidən yeraltı suların kənarlaşdırılması, təbii axın təşkil ediləcək”.
Qazılacaq quyular üçün lazım olan ləvazimatların Yaponiyadan sifariş olunduğunu deyən Samir Vəliyev onu da bildirib ki, sifarişin Yaponiyadan mart ayının əvvəlində gəlməsi planlaşdırılır. Sözügedən ləvazimatlar gəldikdən sonra həmin drenaj quyularının qazılması həyata keçiriləcək: “Bu layihə əsasında sürüşmə sahəsi üzərində birin-birə nisbətində terraslar yaradılaraq sürüşmə kütləsində artıq yüklər sahədən kənarlaşdırılacaq və üzərində ankerləmə işləri aparılaraq, 15 sm qalınlığında beton təbəqə veriləcək. Bununla da sürüşmə sahəsində dayanıqlıq təmin edilmiş olacaq. Bildiyiniz kimi, hazırda sürüşmə sahəsində müşahidə quyularımız var”.
Samir Vəliyev onu da əlavə edib ki, FHN tərəfindən artıq sürüşmənin qaş hissəsindən yuxarıda müxtəlif dərinliklərdə drenaj quyuları qazılıb. Hazırda drenaj quyularında avtomatik rejimdə işləyən nasoslar quraşdırılıb. Sözügedən quyularda aparılan müşahidələr göstərir ki, yeraltı suların səviyyəsi qalxır və sürüşmə sahəsində yeraltı suların səviyyəsinin qalxması böyük bir qruntun mühəndis-geoloji şəraitinə təsir göstərir. Yuxarıda 30 metr diametrlik qazılacaq quyular qazıldıqdan sonra yeraltı sular sahədən kənarlaşdırılacaq və ondan sonra yamac bərkitmə işləri həyata keçiriləcək.