FHN Bakı metrosunda təlim keçirdi
Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasında “Xidmətin xilasedici qruplarının çağırış zamanı hərəkətləri” mövzusunda xüsusi-taktiki təlim keçirilib.
APA TV xəbər verir ki, təlimi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə təşkil edib.
Təlimin keçirilməsində məqsəd xilasetmə və mühafizə işlərinin təşkilində komandirlərin bacarıqlarının və qərargahın uzlaşmasının praktiki fəaliyyətdə yoxlanılmasından, metro stansiyalarında partlayıcı qurğuların zərərləşdirilməsi prosesinin öyrənilməsindən ibarət olub. Bundan əlavə, stansiyalarda və hərəkət qatarlarında axtarış və qəza-xilasetmə işlərinin aparılması zamanı Xidmətin və “Bakı Metropoliteni”nin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi əsas məqsədlərdən biri olub.
Təlimin planına əsasən, ilkin olaraq Xidmətin idarə və dəstələrinin hazırlıq vəziyyətinə gətirilərək təlim üzrə sənədlərin dəqiqləşdirilməsi və hadisə yerinə yürüş həyata keçirilib. Hadisə yerində komanda-qərargah məntəqəsi və tibb məntəqəsi yaradılıb, şərti fövqəladə hallar rayonuna çatan mühafizəçilər Metropolitenin əməkdaşları ilə birlikdə stansiyanın ərazisini mühafizə edib, kənar şəxslərin stansiya ərazisinə daxil olmasının qarşısını alıblar.
Daha sonra xilasedicilər stansiya rəisinin göstərişlərinə uyğun olaraq təyin edilmiş bələdçilərlə birgə şərti baş vermiş hadisə yerinə gedərək kəşfiyyat işlərinə başlayıblar.
Ən müasir xüsusi geyimlərlə və avadanlıqlarla təchiz olunmuş xilasedicilər tərəfindən kəşfiyyat zamanı qatarın relsdən çıxaraq şərti qəzaya uğraması, çoxlu sayda sərnişinlərin xəsarət alması barədə qrup komandirlərinə məlumat verilib.
Bundan sonra xilasedicilər dərhal xilasetmə işlərinə başlayıb, xilasetmə alət və avadanlığından istifadə edərək şərti qəzaya uğramış qatardan zərərçəkmişləri çıxararaq onlara ilk tibbi yardım göstərib və xərəklər vasitəsilə metropolitenin şəxsi heyəti ilə birlikdə təxliyə işlərini həyata keçiriblər.
Xüsusi-taktiki təlimin yekunu olaraq xilasedici, pirotexnik-istehkam qrupları qəza-xilasetmə işləri sona çatdıqdan sonra kinoloqlarla birlikdə hadisə yerinə təkrar baxış keçirərək komanda-qərargah məntəqəsinə məruzə ediblər.
Təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.