FHN: Bu günə kimi 890 vətəndaşa 2000 minə qədər psixoloji seans keçilib

Müharibənin mənfi fəsadlarından zərər görmüş vətəndaşların, müharibə iştirakçılarının, qazilərin və şəhid ailələrinin psixoloji reabilitasiyasını təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gələn klinik psixoloq və psixoterapevtlər müharibədən daha çox zərər çəkən bölgələrimizdə qəbulları davam etdirirlər.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, fevral ayının 26-dan başlayaraq paytaxtla yanaşı, Gəncə və Bərdə şəhərlərində də müharibədən zərər çəkmiş vətəndaşlara Türk və Azərbaycan həkimləri birgə psixoloji seanslar təşkil edirlər. Bu günə kimi ümumilikdə 890 vətəndaşa 2000 minə qədər psixoloji seans keçilib.

 

FHN-nin Tibbi və Psixoloji şöbəsinin rəisi Xanım Sofiyeva deyir ki, müharibədən zərər çəkən Bərdədə 150, Gəncədə isə 145 vətəndaş psixoloji yardımlardan faydalanıb: “Gəncədə 8 nəfər həm Türkiyədən gəlmiş mütəxəssislər, həm Fövqəladə Hallar Nazirliyinin psixoloqları çalışırlar və Bərdədə də eyni qayda ilə 7 nəfər Fövqəladə Hallar Nazirliyinin və Türkiyədən gəlmiş mütəxəssislər birgə fəaliyyət göstərirlər. Həftə içi hər gün saat 10-dan 5 qədər fəaliyyət göstərilir”.

 

Psixoloqlar daha çox raket düşən ərazilərə yaxın yaşayan və bundan sarsılan insanların müraciət etdiyini deyirlər.

 

Qeyd edək ki, qrup mart ayının 25-nə kimi bölgələrdə fəaliyyət göstərəcək. Psixoloji dəstəyə ehtiyacı olan istənilən şəxs qeydiyyatdan keçərək seanslardan faydalana bilər.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv