20:47 15 oktyabr 2021 712
Ana səhifə Xəbərlər

FHN: Bu il Dənizkənarı Milli Parkda 4 nəfər intihara cəhd edib

“Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin strukturuna aparatla yanaşı 5 region şöbəsi, 36 xilasetmə məntəqəsi, 8 dalğıc axtarış qrupu daxildir”.

 

APA TV xəbər verir ki, bunu xidmətin rəis müavini, polkovnik Fəxrəddin Məmmədov Fövqəladə Hallar Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi press-tur zamanı deyib.

 

O bildirib ki, Dövlət Xidməti xilasetmə, dalğıc axtarış işləri ilə yanaşı, Xəzərin Azərbaycana aid hissəsində, su hövzələri və çaylarda kiçikhəcmli gəmilərin təhlükəsizlik istismarına dövlət nəzarətini həyata keçirir, kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidləri və çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir. Texniki baxış ilkin və illik keçirilir.

 

Rəis müavini vurğulayıb ki, hər gəmi sahibi ona məxsus gəmini əldə etdiyi tarixdə və ya gəmi respublikaya idxal edilərkən gömrük nəzarətindən çıxma tarixindən etibarən 10 gün ərzində dövlət qeydiyyatına alınması üçün xidmətə müraciət etməlidir. Bundan əlavə, istifadəçi gəmini əvvəlki texniki baxış tarixindən bir il keçməmək şərtilə illik texniki baxışa təqdim etməlidir.

 

"Gəminin qeydiyyata alınmasından əvvəl gəmiyə ilkin texniki baxış keçirilir. Texniki baxış zamanı texniki parametrlər, texniki vəziyyətə baxılır. İlkin texniki baxış nəticəsində məqbul qiymət almış kiçikhəcmli gəmilər üçün xidmət tərəfindən üzmə şərtləri müəyyən edilir. Dövlət qeydiyyatına alınmış gəmilərə xidmət tərəfindən 5 il müddətinə gəmi bileti və 1 il müddətinə texniki talon verilir. Hər bir gəmiyə bolt nömrəsi təyin olunur".

 

Xidmətin Bakı şəhəri və Abşeron regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin rəisi Orxan Hacıyev ilkin texniki talonun alınması zamanı zəruri olan yoxlanış prosesi barədə məlumat verir:

 

 “Gəminin ilk növbədə hermetik hissəsinə fikir verilir ki, üzərində deşik olmasın, saz vəziyyətdə olsun. Ona baxırıq. Sonra onun mühərrikini yoxlayırıq. Sonra bunların təchizat avadanlıqlarının tam olub-olmadığına nəzarət edirik. Əgər göstəricilərin hamısı tam uyğundursa, gəmiyə ilkin texniki talon təqdim olunur”.

 

Media nümayəndələrinə xilasetmə əməliyyatları zamanı baş verə biləcək təhlükəli halların aradan qaldırılması haqda məlumat verilib. Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin rəisi Mahmud Əfəndiyev deyir ki, xilasetmə əməliyyatları daha çox çimərlik mövsümünə təsadüf etsə də, Dövlət Xidməti qeyri-çimərlik mövsümlərində də şəxsi heyətin peşə hazırlığı ilə ciddi məşğul olur.

 

 “Yay mövsümünə hazırlıq, şəxsi heyətin bilik və bacarıqlarının daim tələb olunan səviyyədə saxlanılması və onların fiziki hazırlığının formalaşdırılması işləri həyata keçirilir. Belə ki, yerli struktur bölmələrində əməkdaşlar təyin olunduqları vəzifə kateqoriyasına uyğun olaraq, motorçu-sükançı, matros-xilasedici, dalğıc, mexanik kimi vəzifələr mövcuddur. Həmin vəzifə kateqoriyalarına uyğun olaraq kurslara cəlb olunurlar”.

 

Dövlət xidmətinin rəis müavini Kamal Xanlarov isə bildirib ki, təkcə 2021-ci il ərzində Dənizkənarı Milli Park ərazisində 4 nəfər intihara cəhd edib. Həmin şəxslərin ikisi kişi, ikisi isə qadın olub.  

 

 “Bakı Dalğıcı-axtarış qrupu 24 saat fasiləsiz xidmət aparır. Bayram günləri, dövlət tədbirləri, idman yarışları zamanı gücləndirilmiş iş rejimində çalışır. Bulvar ərazisində ən çox rastlaşdığımız intihar hadisələri və ehtiyatsızlıqdan suya düşmə hallarıdır. Buna baxmayaraq, bəzi hallarda 112 “Çağrı” mərkəzinə ev heyvanlarının suya düşməsi ilə bağlı məlumatlar daxil olur”. 

 

Qeyd edək ki, cari ildə FHN-in nəzarət etdiyi çimərliklərdə ölüm halı qeydə alınmayıb. Ümumilikdə dənizdə batmaq təhlükəsi ilə üzləşən 223 nəfər isə xilas edilib.

 

Mir Çingiz Ağazadə

Faiq Həsənov

APA TV

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın