FHN-də işə qəbul üçün müraciətlərə baxılıb
Oktyabrın 29-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov növbəti qəbul keçirib.
APA TV-nin məlumatına görə, qəbulda bir sıra məsələlərlə yanaşı, FHN Dövlət Yanğından Mühafizə Xidmətində işə qəbul olmaq istəyənlərin də müraciətinə baxılıb.
İşə düzəlmək istəyən Siyavuş Vəliyev Bakıda yaşadığını, bu gün tələb olunan sənədləri təqdim edərək qeydiyyata düşdüyünü deyib. O, prosesin rahat keçdiyini, həftənin cümə günü idman normativləri üçün imtahana çağırılacağını bildirib.
İş üçün sənəd verən digər şəxs - Elçin İsmayılov isə Qaxda yaşadığını, yanğınsöndürən vakansiyası üzrə müraciət etdiyini söyləyib: “Beşinci günü imtahanlarımız olmalıdır, çağıracağıq dedilər. Evin bir oğlu olduğum üçün rayonumuzda və yaxın yerlərdə olsa yaxşı olar. Rayonda iki bölgədə FHN idarələri var”.
“Yanğınsöndürən işləmək istəyirəm. Amma fərqi yoxdur, harada olur olsun, əsas iş olsun. Səhər bura gəldim çox yaxşı, normal qəbul etdilər. Çox saq olsunlar”.
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov APA TV-yə açıqlamasında bildirib ki, işlə bağlı müraciət edənlərin hamısının müraciətinə fərdi qaydada baxılacaq: "Çoxlu müraciət var. Hər kəsə fərdi qaydada qəbul qaydaları izah olunur və qeydiyyat aparılır. Qeydiyyata alınanların hər birini sabahdan etibarən imkan daxilində dəvət edib, fərdi qaydada qəbul edəcəyəm, hamısını dinləyəcəyəm. Qəbulda kadrlar şöbəsinin nümayəndəsi də olacaq və məsələlər yerində həllini tapacaq".
Füzuli Əsədov qeyd edib ki, FHN-də işə qəbulun öz qaydaları var: "Bura gəlib, həmin gün işə qəbul olmaq olmur. Qeydiyyat aparılır, müraciət qəbul olunur. Fiziki hazırlıq yoxlanılır, bunun üçün gün təyin olunur. Həkim komissiyasından keçmək lazımdır, komissiya sağlamlıq haqqında rəy verməlidir. Bütün bu prosesin sonunda harada vakansiyamız varsa, iş üçün müraciət edən şəxsi ora yerləşdiririk".
Xidmət rəisi iş üçün müraciət edənlər arasında şəhid ailələri və əlillərə üstünlük verildiyini bildirib.
O, rayonlarda yaşayanların Bakıya gəlib əziyyət çəkməmələrini də məsləhət görüb: "Nazirin əmri ilə rayonlarda müvafiq komissiya işə qəbul həyata keçirir. Tələblərə cavab verən şəxslər işlə təmin olunur”.
Qeyd edək ki, bu ilin əvvəlindən FHN-in strukturlarına 5 mindən artıq vakant mülki, hərbi və xüsusi vəzifələr üzrə işə qəbul elan edib. Bununla bağlı FHN rəsmi saytında və mediada elanlar verib. Artıq demək olar ki, vakant yerlər tutulub.
FHN vakant yerlər yarandıqca bu barədə mütəmadi elanlar verir, işə qəbul həyata keçirir.