FHN Dövlət Yanğın Nəzarəti Xidməti inzibati tədbirləri davam etdirir
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti öz səlahiyyətlərinə uyğun olaraq, vətəndaş müraciəti əsasında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən mənzil-tikinti kooperativinə məxsus yaşayış binasında yoxlama aparıb. Bu zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə APA TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, yaşayış binasının yeraltı avtodayanacaq sahəsində xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.
“Yanğın təhlükəsizliyi haqqında” Qanunun 6 və 7-ci maddələrinə əsasən, fiziki, vəzifəli və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin qanuni göstərişlərini, qərarlarını və tələblərini yerinə yetirməli olduqları obyektin məsul şəxslərinə bir daha izah edilib, qanunvericiliyin tələblərini pozan, o cümlədən bu qərarı icra etməyən fiziki, vəzifəli və hüquqi şəxslərin İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinin müvafiq müddəaları ilə məsuliyyət daşıdıqları nəzərlərinə çatdırılıb.