FHN əməkdaşları COVID-19 əleyhinə peyvənd olunur

Fövqəladə Hallar Nazirliyi əməkdaşları COVID-19 əleyhinə peyvənd olunur. 

APA TV xəbər verir ki, fevralın 25-də başlayan vaksinasiya nəticəsində artıq 300 nəfərdən artıq şəxs peyvənd olunub. 

Vaksinasiya prosesi gigiyenik tələblərə  uyğun şəkildə aparılır. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzi vaksinasiyanın həyata keçirilməsi üçün lazım olan bütün tibbi avadanlıqlarla təmin olunub.

“Vaksinasiya prosesi Fövqəladə Hallar Nazirliyində də davam etdirilir. Nazirliyin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Biləcəridə yerləşən tibb məntəqəsinə gələrək vaksinasiya prosesində iştirak edirlər”.

Fövqəladə Hallar Nazirliyinin tibb mərkəzinin rəis müavini Vəfa Dadaşova deyib ki, vaksinasiya prosesi başlayandan peyvənd edilmiş hər hansı əməkdaşın səhhətində dəyişiklik müşahidə olunmayıb və vaksinasiya prosesi könüllü şəkildə həyata keçirilir: “Bütün ölkə ərazisində olduğu kimi Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində nazirliyinin əməkdaşlarına COVID-19 virusu əleyhinə vaksinasiya 25 fevraldan başlayıb. 300 nəfərdən artıq şəxsi heyət vaksinasiyadan keçib. Bu günədək vaksin vurulan əməkdaşlar arasında heç bir ağırlaşma və fəsad aşkar olunmayıb.  Prosesi qrafik üzrə, növbəlilik əsasında davam etdirilir”.

Tibb xidməti mayoru Nizami İsmayılov prosesdən danışıb: “Biz burada ilkin məlumatları, yəni qəbul olan şəxslərdə təzyiqini, hərarətin  və əks göstəriş əlamətlərinin olub-olmadığını yoxlayırıq və qeydiyyata alırıq. Bundan sonra vaksinasiya prosesi aparılır və yarım saat gözlədikdən sonra evə buraxılır”.

Vaksinasiya prosesi zamanı sıxlığın yaranmaması üçün proses bir neçə otaqda aparılıb.

FHN-nin əməkdaşları vaksinasiyadan sonra özlərini yaxşı hiss etdiklərini bildiriblər.

“Bizi vaksindən öncə yoxladılar. İndi isə vaksini vurdurmuşam. Hələlik özümü yaxşı hiss edirəm. Heç bir problem yoxdur”.

“Könüllü olaraq gəlmişəm. Hər kəs kimi mən də gəlib vaksini vurdurdum.  Özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki COVID-19 pandemiyasına qarşı vaksinasiya prosesinə ilkin mərhələdə yaşı 65 dən yuxarı olanlar və xroniki xəstəliyi olan şəxslər, həmçinin  əhali ilə daha çox təmasda olan şəxslər cəlb olunur.

Xələf Xələfov

Musa Qulammirzəyev

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv