FHN: Ermənistanın atdığı mərmilər Daşkəsəndə meşəlik ərazidə yanğına səbəb olub
Fövqəladə Hallar Nazirliyi (FHN) Ermənistanın atdığı mərmilər nəticəsində döyüş zonasından kənarda yerləşən meşəlik ərazidə baş verən yanğınla bağlı məlumat yayıb.
APA TV-nin FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq mülki əhalini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terrora da əl atmaqda davam edir.
Belə ki, döyüş zonasından kənarda yerləşən Daşkəsən rayonunun ərazisi Ermənistan Respublikasının ərazisindən mərmi atəşlərinə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşları cəlb olunub. Yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən və texnikanın tətbiqi mümkün olmadığından onun söndürülməsi, əsas etibarilə əl əməyindən istifadə edilməklə həyata keçirilir. Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.