FHN: Goranboyda selin fəsadları aradan qaldırılır

Dünən axşam saatlarından başlayaraq Goranboy rayonu Ağcakənd qəsəbəsinə gələn sel nəticəsində ətraf evlərə, həyətyanı ərazilərə su dolub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin şəxsi heyəti əraziyə ezam olunub. APA TV xəbər verir ki, FHN-in Aran Regional Mərkəzinin rəis müavini, mayor Ruhan Nəsibov bildirib ki, rayonda selin fəsadları aradan qaldırılır. Dünəndən başlayaraq Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalan 6 ailəyə köməklik göstərilib və xilas olunub. Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rafət Qurbanov APA TV-yə bildirib ki, hazırda dəymiş ziyanın müəyyən edilməsi üçün qeydiyyat aparılır, evlərə baxış keçirilir. İcra başçısının müavini bildirib ki, hazırda evlərə elektrik enerjisi verilsə də, qaz xətlərində problemlər var, Qaz istismar İdarəsinin qəza xidməti ərazidə çalışır və yaxın saatlarda bu məsələ həllini tapacaq. Xatırladaq ki, ötən gün Goranboy rayonunun Ağcakənd qəsəbəsinə yağan güclü yağışlar nəticəsində qəsəbəyə sel suları gəlib, Gorançayda suyun səviyyəsi həddindən artıq qalxıb.

Müəllif | Apa.Tv
Apa.tv