FHN Göyçayda kompleks təlim keçirib

 

Göyçayda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı mülki müdafiə təlimi keçirilib.

APA TV-nin məlumatına görə, “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda təlimlər Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Təlimlərə rayonun rəsmi qurumları, təhsil, tibb müəssisələrinin kollektivləri, həmçinin nazirliyin Ucar rayonundakı əlaqədar təşkilatlarının - ümumilikdə 352 nəfər şəxsi heyəti və 62 ədəd texnikası cəlb edilib.

Təlim zamanı mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayonun rəhbər heyətinin xəbərdar edilməsi, əlaqədar qurumların şəxsi heyətinin “xəbərdarlıq toplanış” siqnalı üzrə fəaliyyəti, nazirliyin xilasetmə qüvvələri ilə rayonun mülki müdafiə qüvvələri arasında xilasetmə və digər təxirəsalınmaz işlərin icrası zamanı qarşılıqlı fəaliyyət və idarəetmənin təşkili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, xəsarət alanlara tibbi yardım göstərilməsi, zərərçəkmiş əhalinin müvəqqəti olaraq təhlükəli zonalardan köcürülməsi və rayonun həyat təminatının bərpası ilə bağlı tədbirlərin təşkili işlərini yerinə yetirib.

Sonra ictimaiyyət nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.

 

Tədbirdə FHN-nin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəis müavini, polkovnik Cavanşir Həşimov, rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edib.

Müəllif | Apa.Tv
Apa.tv