FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi Türkiyədə keçirilən təlimdə iştirak edir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi 12-18 yanvar 2020-ci il tarixlərində Ankara şəhərində keçirilən təlimdə uğurla iştirak edir.

APA TV-nin məlumatına görə, iştirakçılıq Türkiyə Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) dəvəti ilə baş tutub.

Təlimin əsas məqsədi Türkiyənin mentorluğu ilə beynəlxalq humanitar əməliyyatlarda Azərbaycanı təmsil etmək üçün yaradılmış FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin hazırlığının artırılması, eyni zamanda şəxsi heyətin humanitar əməliyyatlarda iştirakına dair bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Nəzəri və praktiki olmaqla 2 mərhələdə keçirilən təlimdən əvvəl nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri AFAD-ın fəaliyyəti ilə yaxından tanış olublar.

Sonra təlimin nəzəri hissəsinə start verilib. AFAD-ın Ankara şəhərində yerləşən Təlim-tədris Mərkəzində reallaşdırılan təlimin birinci – nəzəri mərhələsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti ilə yanaşı, Türkiyədən olan ekspertlər qrupu da iştirak edib. Nəzəri hissədə beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair təqdimatlar dinlənilib, bu sahədə fikir mübadiləsi aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb. 

Daha sonra təlimin praktiki hissəsinə başlanılıb. Təlim-tədris Mərkəzinin poliqonunda 36 saat ərzində fasiləsiz olaraq davam edən bu mərhələdə əsas fəaliyyət təbii fəlakət nəticəsində zərər görmüş tikililərin dağıntıları altından zərərçəkmişlərin xilas olunması, onlara ilkin tibbi yardımın göstərilməsi və təxliyə, eləcə də ərazidə qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi, müvafiq qərarların qəbul edilməsi üzrə prosedurların tətbiqindən ibarət olub.

Təlim vaxtı, o cümlədən gecə saatlarında həyata keçirilən beynəlxalq humanitar əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması diqqət mərkəzində olub.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi Türkiyə ekspertləri tərəfindən yaxından izlənilib.

Təlimə yanvarın 18-də yekun vurulacaq.

Müəllif | Apa.Tv
Apa.tv