FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Neft Daşlarında təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Neft Daşlarında təlim keçirib.
APA TV-nin xəbərinə görə, təlim “Neft Daşları” NQÇİ-də növbə çəkən “Vixr” yanğınsöndürmə gəmisində Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Neft Şirkəti obyektləri üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən keçirilib.
Təlimin keçirilməsində məqsəd əməkdaşların - dəniz yanğınsöndürənlərinin Xəzər dənizi akvatoriyasındakı neft və qaz sənayesi obyektlərinin yanğın təhlükəsizliyinin təmin edilməsində, neft və qazçıxarma texnoloji qurğularının yanğından etibarlı şəkildə mühafizə olunmasında, baş verə biləcək fövqəladə halların nəticələrinin çevik və effektiv aradan qaldırılmasında bilik və bacarıqlarının artırılması olub.
Təlimdə “Vixr” tipli yanğınsöndürmə gəmilərinin şəxsi heyətinin ekstremal şəraitlərdə yanğınların söndürülməsi vərdişləri və döyüş hərəkətlərinin aparılması qaydaları, döyüş hərəkətlərinin həlledici istiqamətə yönəldilməsi işi, əməliyyat sənədlərinin aparılması qaydaları, yanğın zamanı rabitə və arxa sahənin təşkili və digər əməliyyat-xidmət tapşırıqlarının müstəqil yerinə yetirilməsi və nəzəri biliklərin təcrübədə tətbiqi üçün məşqlər yerinə yetirilib. Təlimdən sonra şəxsi heyətin yanğının inkişafı və söndürülməsi zamanı fəaliyyəti, yanğında yaranmış şəraiti düzgün qiymətləndirmək, onun nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətini düzgün təyin etmək bacarıqları və yol verilmiş nöqsanlar müzakirə edilib, onların gələcəkdə təkrar olunmaması üçün müvafiq tapşırıqlar verilib, təhlilləri aparılıb.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.