FHN-in İdman Sağlamlıq Mərkəzi ilə yekun vurdu

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

APA TV-nin məlumatına görə, tədbirdə nazirliyin struktur qurumlarının rəhbərləri və beynəlxalq turnirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak edib.

Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin iştirak etdiyi tədbirdə əvvəlcə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

Daha sonra nazir müavini Faiq Tağı-zadə çıxış edərək, Mərkəzin işini yüksək qiymətləndirib. O, yeni ildə kollektivə uğurlar, idmançı əməkdaşlara isə yeni idman zirvələrini fəth etməyi arzulayıb:

 “Hamınızı təbrik edirəm. Sizə və yaxınlarınıza cansağlığı, xoşbəxtlik arzu edirəm. Allah eləsin ki, gələn il bu ildən də yaxşı olsun. Diləyirəm ki, gələn il işlərinizdə uğurlu olsun”.

 

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə İdman Sağlamlıq Mərkəzinin kollektivini il ərzində qazandıqları nailiyyətlərə görə təbrik edərək, uğurlar arzulayıb:

 “Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sizi təbrik edirəm. Sevindirici hal odur ki, FHN-in nəzdinə fəaliyyət göstərən idmançıların sayı ilbəil artır və demək olar ki, idman coğrafiyasının hüdudları genişlənir”.

Daha sonra 2018-ci ilin idman tədbirlərinin yekununa əsasən fəxri yerləri tutmuş qurumlar İdman Sağlamlıq Mərkəzinin təsis etdiyi müvafiq dərəcəli diplom və kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin qurum rəhbərlərinə qazanılan yüksək nəticələrə və idmançılarına göstərdikləri dəstəyə görə fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdiyi peşəkarlıq və xidmətlərə görə APA TV də təltif olunub.

Müəllif | Apa.Tv
Apa.tv