FHN-in qurumları arasında şahmat yarışı keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilib. APA TV-nin verdiyi məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 17 komandadan 70-ə yaxın əməkdaş iştirak edib. Beynəlxalq dərəcəli baş hakim Leyla Sarıyevanın idarə etdiyi turnirdə yığılan xalların ümumi miqdarına görə qalib komandalar və şəxslər müəyyən olunub. FHN-in İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev bildirib ki, FHN əməkdaşları arasında il ərzində 9 yarış keçiriləcək. Əməkdaşların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə mini futbol, stolüstü tennis, çoxnövçülük, səmti müəyyən etmə, güləş, voleybol və başqa idman növləri üzrə fərdi və komanda şəklində yarışlar təşkil olunacaq: “Bugünkü yarışda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandasının mülki əməkdaşları qalib oldular. Dövlət Yanğından Mühafizə Xidməti ikinci yerə, Mülki Müdafiə Qoşunlarının komandası isə üçüncü yeri tutub. Sevinirik ki, bizim mülki əməkdaşlarımızla birlikdə zabitlərimiz də öz güclərini sınayaraq nəticə əldə edə biliblər”. Şəxsi yarışlarda Xüsusi Riskli Xilasetmə Xidmətinin mülki işçisi Vüsal Abbasov birinci, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin mülki işçisi Vaqif Pişiyari ikinci, Bakı Regional Mərkəzi kapitanı Fuad Əliyev isə üçüncü yeri tutub. Yarışın sonunda qalib komandalar və əməkdaşlar mükafatlandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv