FHN-in Vətən Müharibəsində iştirak edən əməkdaşları mükafatlandırıldı
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral –Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib ki, Vətən Müharibəsi zamanı Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşları torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar əməliyyatlar çərçivəsində fövqəladə halların, o cümlədən düşmənin mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların qarşısının alınması, nəticələrinin çevik aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, təxliyəsi, döyüş bölgəsində yaşayan insanların gündəlik təminatı, habelə digər istiqamətlərdə xidməti vəzifələrini ləyaqətlə yerinə yetirib. Eyni zamanda nazirliyin mülki vəzifəli işçilərindən də Azərbaycan Ordusunun tərkibində döyüşlərdə bilavasitə iştirak edərək şərəfli döyüş yolu keçənlər olub: “Bu gün 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbirdə də həm döyüşlərə qatılan əməkdaşlarımız, həmçinin arxa cəbhədə xidmət zaman edən əməkdaşlarımız fəxri fərman və qiymətli hədiyyələrə mükafatlandırıldı”.
Çıxışlardan sonra xidmətdə fərqlənən və vəzifə borcunu layiqincə yerinə yetirmiş nazirliyin bir qrup əməkdaşına Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəxri fərman və qiymətli hədiyyələri təqdim edilib.
Sevinc Vaqifqızı
Faiq Həsənov