FHN-in yaradılmasının 14-cü ildönümü qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 14-cü ildönümü qeyd olunub.
APA TV-nin məlumatına görə, əvvəlcə Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə çiçəklər düzülüb.
Sonra Şəhidlər Xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Daha sonra FHN-in inzibati binasında iclas keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan iclasda çıxış edən nazir Kəmaləddin Heydərov nazirliyin yaradılmasının 14-cü ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək uğurlar arzulayıb. O, 2019-cu ilin ötən dövrü ərzində FHN-in fəaliyyəti barədə danışaraq, görülmüş işlər haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, nazirlik ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu fəaliyyətini cari ildə də davam etdirib. Nazir deyib ki, hesabat dövründə maddi-texniki bazanın möhkəmləndirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və kadr potensialının gücləndirilməsi istiqamətində əməli tədbirlər görülüb, fövqəladə halların qarşısının vaxtında alınması və nəticələrinin çevik aradan qaldırılması, yanğından mühafizə işlərinin daha peşəkarlıqla həyata keçirilməsi, hadisələrə operativ və effektiv reaksiya verilməsi təmin edilib.
Kəmaləddin Heydərov əmlakların fövqəladə hallara qarşı sığortalanması məsələsinə də toxunaraq qeyd edib ki, müxtəlif fəlakətlər, o cümlədən yanğın, zəlzələ, sel və s. nəticəsində dəymiş ziyanın əvəzinin dövlət tərəfindən ödənilməsi yalnız Azərbaycanda baş tutan və digər ölkələrdə analoqu olmayan reallıqdır. Bu isə Prezidnt İlham Əliyevin həyata keçirdiyi humanist siyasətin daha bir təzahürüdür. O, həmçinin vətəndaşlara, eləcə də sahibkarlara dəyən ziyanın əvəzinin ödənilməsi ilə bağlı Heydər Əliyev Fondunun böyük işlər gördüyünü də diqqətə çatdırıb. Bununla belə, nazir vətəndaşlara, xüsusilə sahibkarlara müraciət edərək, sahib olduqları əmlaklarını təbii və texnogen xarakterli fövqəladə hallara qarşı sığortalamağı tövsiyə edib. Bu işdə FHN-in aidiyyəti qurumlarına qanunauyğun zəruri tədbirlər görməyi tapşıran nazir vətəndaşların bu sahədə maarifləndirilməsinin və onlara mümkün dəstəyin göstərilməsinin əhəmiyyətini bildirib.
Bundan başqa, Kəmaləddin Heydərov Kütləvi İnformasiya Vasitələrinə (KİV) nazirliyin fəaliyyəti, xüsusilə son zamanlar baş verən yanğınlar və onların söndürülməsi ilə bağlı qeyri-obyektiv, yoxlanılmamış, müxtəlif neqativ məqsədlərə xidmət edən, dedi-qodu xarakterli məlumatları deyil, rəsmi mövqeni işıqlandırmağa və bununla da həyatlarını riskə atıb fədakarlıq nümunəsi göstərən yanğınsöndürən və xilasedicilərin əməyini heçə endirməməyə və əhali arasında mümkün təşvişin qarşısını almaqda yardımçı olmağa çağırıb.
Sonra əldə olunan bütün nailiyyətlərin müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi siyasi xətti uğurla davam və inkişaf etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu xatırladan nazir Kəmaləddin Heydərov nazirliyə göstərdiyi münasibətə görə şəxsi heyət adından dövlət başçısına dərin təşəkkürünü bildirib. Vurğulayıb ki, ölkə rəhbərliyinin ali etimadını doğrultmaq, əhali və ərazilərin etibarlı mühafizəsini təmin etmək üçün FHN bundan sonra da əzmlə fəaliyyət göstərəcək.
Daha sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla fəxri ad, orden və medallarla təltif olunmuş nazirliyin bir qrup əməkdaşına təltiflər təqdim olunub.
İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında Fövqəladə Hallar nazirinin əmri barədə də məlumat verilib.
Sonda iclas iştirakçıları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.