FHN minatəmizləmə əməliyyatlarını davam etdirir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.

 

Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran-istehkamçı qrupları da cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Istehkam qrupunun komandiri Altay Alıyev bildirib ki, Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib, ərazilər çox ciddi şəkildə minalanıb.

 

Altay Alıyev bildirib ki, qeyri-qanuni yollarla da ərazilərə keçən və keçmək istəyərkən müəyyən olunan vətəndaşlarımız da az deyil: “Bir daha müraciət edirik ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər. Bu, onların həyatları üçün təhlükəlidir. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməyək”.

Müəllif | Apa.Tv
Apa.tv