FHN-nin kişilərdən ibarət voleybol komandası yaradılır

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında voleybol çempionatı keçirilib.

 

APA TV-nin məlumatına görə, çempionat FHN-in İdman-sağlamlıq mərkəzi və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında keçirilib.

 

Çempionatın final görüşündə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin voleybolçuları Dövlət Yanğından Müdafiə Xidmətinin komandasını məğlub edərək yarışın qalibi olub.

FHN İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev deyib ki, yarışları keçirməkdə məqsəd kişilərdən ibarət yeni klub yaradaraq Milli Voleybol Çempionatında iştirak etməkdir: “Məqsədimiz odur ki, FHN əməkdaşlarının fiziki durumları həmişə yaxşı olsun. Asudə vaxtlarını yaxşı keçirmələri də bizim üçün vacibdir. Bu gördüyünüz yarışda qurumlar arasında 11 komanda iştirak edir. Yarışlara 120-yə yaxın əməkdaş cəlb olunub. Bu da bizi sevindirir ki, bizim komandalarımızın tərkibində milli komandamızın voleybolçuları da var”.

 

Yarışın sonunda 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev yarış iştirakçılarını təbrik edib.

 

Müəllif | Apa.Tv
Apa.tv