FHN-nin təklif etdiyi yeni xidmətdən sahibkarlar məmnun qalacaq - APA TV

Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar uzrə Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və FHN-in Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin birgə əməkdaşlığı nəticəsində “ASAN xidmət”də sahibkarlara Agentlik tərəfindən xidmətlərin təqdim olunmasına başlanılıb.

 

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin şöbə müdiri Namik İsmayılovun APA TV-yə verdiyi məlumata görə, prosesin tədricən “ASAN Xidmət”in Bakı şəhəri və regionlarda fəaliyyət göstərən mərkəzlərində də həyata keçirilməsi planlaşdırılır. Növbəti mərhələdə isə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur: “Sahibkarlar Bakı şəhəri 7 saylı “ASAN xidmət” mərkəzində Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən göstərilən iki xidmətdən yararlana biləcəklər. Sahibkarlar mərkəz vasitəsilə “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi haqqında Çıxarış”ı və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların  dövriyyəsinə “Xüsusi icazə”ni əldə edə bilərlər”.

 

Qeyd edək ki, sözügedən xidmətlərin “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilməsi şəffaflığın artırılmasını, prosesin asanlaşdırılmasını və sahibkar məmnunluğunun yüksəldilməsini təmin edəcək.

 

 

NURLAN SAKİTOĞLU

XƏYAL İSKƏNDƏROV

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv