FHN su hövzələrində minatəmizləmə işləri aparır

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad edilmiş ərazilərdə minadan təmizləmə əməliyyatlarını davam etdirir. İlk olaraq çay, göl, kanal yəni su hövzələrinin kənarlarını araşdırıb, partlamamış hərbi sursatları aşkarlanır və zərərsizləşdirilir. FHN-in əməkdaşı Əbülfəz Süleymanov deyir ki, hazırda ərazidə sürətli təmizləmə prosesi gedir: “Vətən müharibəsi ərzində düşmənimiz daha çox su kanallarının ətrafını, kənarlarını minalayıb. Məqsəd o olub ki, biz bu ərazilərdən istifadə edə bilməyək.  Soydaşlarımız öz dədə-baba yurduna qayıtsın deyə, təmizləmə prosesinə məhz su kanallarının ətrafından başlamışıq. “

Müsahibimiz, “N” saylı hərbi hissənin komandiri Əbülfəz Süleymanov deyir ki, torpaqlar işğaldan azad olduqdan sonra əraziyə gələn soydaşlarımız xüsusilə su hövzələrinin kənarlarını gəzməkdə çox maraqlıdır. Bu da bədbəxt hadisələrə səbəb ola bilər. Elə bu səbəbdən də, su hövzələrinin ətraflarının minalardan təmizlənməsinə xüsusi diqqət ayrılıb.

 Əbülfəz Süleymanovun deyir ki, gördükləri işdən qürur duyurlar: “Bizim qarşımıza məqsəd qoyulub, məhz su hövzələrinin kənarları qısa müddətdə təmizlənsin. Biz bu işin öhdəsindən gələcəyik, biz öz işimizlə fəxr edirik”.

Fövqəladə Hallar Nazirliyinin və işğaldan azad olunan ərazilərdə çalışan digər qurumların apardığı təmizləmə əməliyyatları bir tərəfdən ərazidə yenidənqurma işləri aparan müxtəlif müəssisələrin əməkdaşlarının həyatını xilas edir və ya onların görəcəyi işləri sürətləndirir.  Digər tərəfdən də, su hövzələrindən  yeni su kanallarının çəkilməsi işini asanlaşdırır.  Bu da o deməkdir ki,  partlamamış hərbi sursatlarla çirklənmiş, kol-kos basmış əkin sahələrində  yaxın gələcəkdə taxıl zəmiləri, pambıq tarlaları, üzüm bağları salınacaq. Bununla paralel həm də ermənilərin məhv etdiyi yaşıllıq zolaqları və meşə massivləri yenidən bərpa olacaq.

 

Habil Aslanoğlu, Ziya İsmayıloğlu,  APA TV,  Ağdam

Müəllif | Apa.Tv
Apa.tv