FHN: Ümumilikdə 1576 nəfərə, o cümlədən 130-a yaxın uşaq və yeniyetməyə psixoloji yardım göstərilib
FHN Türkiyəli mütəxəssislərlə birgə müharibədə psixoloji problemlər yaşayan vətəndaşlara psixoloji yardım işini davam etdirir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu çərçivədə, Bakı şəhəri ilə yanaşı, aprelin 5-dən etibarən respublikanın cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində, aprelin 12-dən etibarən isə şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində Türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılıb.
Vətəndaşların qəbulu Qəbələ şəhərindəki “Qəbələ City” otelində həyata keçirilir.
Müharibənin təsiri nəticəsində yuxusuzluq və eşitmə problemi, kəkələmə, kəskin stress reaksiyası, iştahsızlıq problemi ilə üzləşən, qıcıqlara sərt reaksiya verən insanlar Türkiyəli klinik-psixoloq Mustafa Keskinin rəhbərlik etdiyi mütəxəssislərə müraciət edirlər.
Müharibə iştirakçıları reabilitasiya prosesində minimum 3 seans iştirak etdikdən sonra onların psixoloji durumu normallaşmağa başlayır.
Ödənişsiz təşkil edilən bu seanslarda iştirak etmək istəyən şəxslər FHN-nin “112” qaynar xətt telefonu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçirlər.
Bundan əvvəl Gəncə və Bərdə şəhərlərində də FHN tərəfindən psixoloji yardım işi həyata keçirilib. Ötən müddət ərzində ümumilikdə 1576 nəfərə, o cümlədən 130-a yaxın uşaq və yeniyetməyə 3305 seans psixoloji yardım göstərilib.
Şahnəzər Bəşirov
APA TV