FHN və Azərbaycan Qızıl Aypara Cəmiyyəti birgə taktiki-xüsusi təlim keçirib
Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Lənkəran şəhərində birgə taktiki-xüsusi təlim keçirib.
FHN-dən APA TV-yə verilən məlumata görə, təlimdə FHN-in Baş əməliyyat idarəsi, Cənub Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 12 şəhər və rayon bölmələrinin rəhbərləri və könüllüləri iştirak ediblər.
Təlim-məşqin keçirilməsində əsas məqsəd təbii fəlakətlər zamanı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, təlim iştirakçılarının fövqəladə hallarla mübarizə üzrə bilik və bacarıqlarının daha da artırılması olub.
Təlimdə şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, yanğının söndürülməsi, qurumların qarşılıqlı səyi ilə təhlükəli ərazilərdən insanların təxliyəsi, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi, yaralılara xəstəxanayaqədərki ilk yardımın və stress yaşayan insanlara ilk psixoloji dəstəyin göstərilməsi üzrə əməliyyatlar uğurla icra edilib.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.