FHN: Xəzərdə vulkan partlayışı heç bir yatağa təhlükə törətməyib

Ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb.


Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub.

 

FHN-in Aviasiya Dəstəsinin bölmə rəisi Bəhruz Hüseynov deyir ki, nazirliyin əməkdaşları tərəfindən hadisə yerinə bu gün səhər saatlarında kəşfiyyat uçuşu həyata keçirilib: “Bu gün səhər saatlarında FHN-in Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən daxil olan məlumat əsasında hadisə baş verdiyi bölgəyə helikopterlə kəşfiyyat uçuşu həyata keçirilib. Müəyyən olunub ki, hadisə Daşlı adasında baş verib. Partlayışa səbəb isə palçıq vulkanının püskürməsidir. Vulkan partlayışı heç bir yatağa təhlükə törətməyib. Belə ki, o əraziyə ən yaxın “Ümid” yatağıdır. Lakin qaz yatağı 19 km uzaqlıqda olduğu üçün yatağa heç bir təhlükə törətməyib”.


Qeyd edək ki, kəşfiyyat uçuşu zamanı Mülki Müdafiə Qoşunlarının əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində heç bir radiasiyanın olmaması və dənizdə çirklənmənin baş verməməsi müəyyən olunub.


SEMRAL CAVAD

MUSA QULAMMİRZƏYEV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv