FHN yanğın təhlükəsizliyi ilə bağlı fermerlərə xəbərdarlıq etdi

Dənli və texniki bitkilərin yetişdirilməsi və tədarükü əhalinin ərzaq təminatında mühüm rol oynayır.

 

APA TV xəbər verir ki, bu səbəbdən də respublikada daim sözügedən sahənin inkişafına xüsusi diqqət ayrılır.

 

Dənli, texniki bitkilərin və taxıl tədarükünün artırılması ilə bağlı ən vacib vəzifələrdən biri isə bu strateji əhəmiyyətli məhsulların yanğından mühafizəsidir. Bunun üçün biçin, daşınma və saxlanılma dövründə yanğın təhlükəsizliyi qaydalarına vaxtında və düzgün əməl olunmalıdır.

 

FHN-in mətbuat katibi Gülçin Mehdiyeva deyir ki, bu məqsədlə nazirliyin müvafiq qurumları yanğın təhlükəsizliyi qaydaları barədə fermerlər və digər aidiyyəti şəxslərin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir: “Əkin sahələrinin yaxınlığından keçən avtomobil yollarının kənarlarının şumlanmasını mütləq təmin etməlidirlər. Əgər əraziyə yaxın yerdə yüksək gərginlikli hava elektrik xətləri keçirsə onların ətrafındakı təhlükəsizlik zolağında yanğın təhlükəsizlik tədbirləri görülməlidir. Onu da qeyd edim ki, həmin sahələr əkildiyi zaman yanğına qarşı ara məsafələr gözlənilməlidir”.

 

Bundan başqa, biçində istifadə olunan texnikanın istismar qaydalarına riayət olunması və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi istiqamətində də addımlar atılmalıdır.

 

Gülçin Mehdiyevanın sözlərinə görə, taxıl sahələrinin yandırılması, meşə zolaqları üçün də təhlükəlidir: “Bəzən olur ki, vətəndaşlar ərazini biçildikdən sonra çıxış yolunu yandırmaqda görürlər. Bu isə həm torpaq qatının məhv olmasına gətirib çıxarır, həm də ekologiyaya ciddi zərər vurur. Əgər ərazi meşə zolağına yaxın yerdədirsə xüsusi təhlükəlidir. Çünki yanğın meşə zolağına keçir”.

 

Həmçinin cavabdeh şəxslər ərazidə yerləşən su mənbələrinin əvvəlcədən müəyyən olunaraq, yanğın avtomobillərinin yaxınlaşıb su götürməsi üçün lazımi şəraitin yaradılmasını təmin etməlidirlər.

 

Bu qaydalara əməl olunmaması yanğın hadisələrinin baş verməsinə və şiddətlənərək geniş sahələrə yayılmasına şərait yaradır.

 

Qeyd edək ki, yanğın hadisələrində günahkar şəxslər qanunda nəzərdə tutulmuş qaydada hüquqi məsuliyyət daşıyır.

 

Mirçingiz Ağazadə,

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv