Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçildi
Azərbaycan Bəstəkarlar İttifaqının növbəti - X qurultayı keçirilib. APA TV-nin məlumatına görə, qurultayda İttifaq sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə 2013-2019-cu illəri əhatə edən hesabat məruzəsində bəstəkarlarımızın qazandıqları uğurlardan, həyata keçirilmiş layihələrdən, gənc istedadlara göstərilən dövlət qayğısından danışıb: “Qeyd etmək lazımdır ki, Bəstəkarlar İttifaqının üzvlərinin yaradıcılıq fəaliyyətinə, onların uğurlarına və nailiyyətlərinə dair yüksək qiymət verilib. Azərbaycan bəstəkarlarının və musiqişünasların əməyinin təqdir edilməsi, onların yaradıcılığının yüksək fəxri adlarla və mükafatlarla dəyərləndirilməsi, yaradıcı şəxsiyyətlər üçün Prezident təqaüdlərinin təsis olunması, dövlət tərəfindən çox yüksək maddi və mənəvi qayğıkeşlilik Bəstəkarlar İttifaqının fəaliyyətinə verilən qiymətin bariz təzahürüdür”.
Mədəniyyət naziri Əbülfəs Qarayev isə deyib ki, Azərbaycanda Üzeyir Hacıbəyli, Mstislav Rostropoviç, Qara Qarayev adına və başqa musiqi festivallarının keçirildiyini vurğulayıb: “Bizim üçün adi bir hadisəyə çevrilmiş dünya miqyaslı festivallar artıq Azərbaycan üçün normal bir axınla gedirlər və dövlət həmişə bunların həyata keçirilməsinə lazımi dəstəyi verməkdədir. Bunu dəyərləndirmək lazımdır”.
Daha sonra İttifaqa 21 nəfərlik yeni İdarə Heyəti və yeni sədr seçilib. Açıq səsvermədə qurultay iştirakçıları Xalq artisti Firəngiz Əlizadəni yenidən 5 il müddətinə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinə sədr seçiblər.