Formula-1 üzrə Azərbaycan Qran-prisi ləğv olundu – RƏSMİ

Formula-1 üzrə dünya çempionatının Azərbaycan Qran-prisi ləğv olunub.

 

APA TV-nin məlumatına görə, bu barədə yarış təşkilatçıları bəyanat yayıb. Bildirilib ki, 2020-ci ildə Sinqapur və Yaponiya ilə yanaşı, Azərbaycan Qran-prisi də ləğv olunub.

 

Bakı Şəhər Halqası isə açıqlamasında qeyd edib ki, COVİD-19 pandemiyası səbəbindən “Formula-1” Azərbaycan Qran-prisi 2020 ləğvindən böyük təəssüf hissi keçirir:

 

“Yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula-1 azarkeşlərinin, həmçinin Formula-1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq. 2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik” – deyə məlumatda bildirilib.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti “Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisinə bilet alanların məsələsinə  də aydınlıq gətirib.

 

Şirkətdən əvvəlcə təxirə salınan, ardınca ləğv olunan yarış üçün alınan biletlərlə bağlı iki variant təklif edilib. Biletləri qaytarmaq istəyənlər əməliyyat şirkətinə [email protected] elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda, həmin biletlər gələn il baş tutacaq yarış üçün qüvvədə qalacaq.

 

Həmçinin bildirib ki, builki yarış həftəsonunun ləğvi yerli promouter üçün hər hansı bir maliyyə öhdəliyi yaratmır və eyni zamanda mərhələnin keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı olduğu kimi gələn ilki yarış mövsümünə ötürülür.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 5-7-də keçirilməli olsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. Dünya çempionatının hələlik ilk 8 mərhələsinin - Avstriya, Macarıstan, Böyük Britaniya, İspaniya, Belçika və İtaliya Qran-prisinin tarixi isə təsdiqlənib.

 

Müəllif | Apa.Tv
Apa.tv