Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib – APA TV

Bu gün Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilən Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib. Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları, rəsmi və ictimai şəxslər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzi və Muzeylə tanışlıq olub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəxsi heyətin təntənəli keçidi baş tutub. Tədbir iştirakçıları FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən təqdim edilən nümunəvi çıxışları izləyiblər.

Daha sonra isə akt zalında davam edən tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən bəhs edən film təqdim olunub.

Sonra tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov çıxış edib. Nazir Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasiminin xalqımızın və dövlətimizin tarixində çox əlamətdar bir vaxta - müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf etdiyini bildirib. Qeyd edib ki, bu gün cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm uğurların möhkəm təməlləri Ulu Öndərin zamanında qoyulub. Nazir həmçinin bildirib ki, Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən öz siyasətində daim gənclərə qayğı göstərib, gənclərin himayədarı kimi çıxış edib.

Nazir qeyd edib ki, ölkəmizdə könüllü təşkilatlarının formalaşması və inkişafı istiqamətində görülən səmərəli işlərin nəticəsi kimi, artıq Fövqəladə Hallar Könüllüləri proqramı da formalaşıb. Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, ölkəmizdə və ölkə hüdudlarından kənarda fövqəladə hadisə nəticəsində zərərçəkmiş insanlara könüllülər tərəfindən zəruri yardım və dəstək göstərməkdən ötrü 24 iyul 2023-cü il tarixində “Fövqəladə Hallar Könüllüləri” proqramına start verilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən sentyabrın 12-də başlayan müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları, fiziki göstəriciləri, sosial aktivliyi, dünyagörüşü və fövqəladə hallar sahəsinə olan maraqları qiymətləndirilməklə, qeydiyyatdan keçən 500 nəfərdən artıq gəncdən 50-yə yaxın namizəd mütəxəssislər tərəfindən müxtəlif istiqamətlər üzrə nəzəri və praktiki təlimlərə cəlb olunub. Nəticə etibarilə, təlimləri uğurla başa vuraraq sertifikatlar alan könüllülər əvvəlcədən qeyd edilən istiqamətlər üzrə qruplara bölünərək Fövqəladə Hallar könüllüləri olaraq fəaliyyətə başlayacaqlar.

Tədbirdə həmçinin bu ilin fevral ayında Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı Azərbaycan könüllülərinin ilk xarici yardımı kimi qardaş ölkədəki fəaliyyətindən bəhs edən videoçarx, habelə “Fövqəladə Hallar Könüllüləri” proqramının təqdimat və təlimləri barədə videoçarx nümayiş olunub, proqramın loqo və könüllülərin geyim formasının təqdimatı keçirilib. Fövqəladə Hallar könüllülərini təmsil edən gənclər də respublikamızda könüllülər hərəkatının yaradılmasında göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Daha sonra könüllülərə Fövqəladə Hallar Nazirliyinin hədiyyələri təqdim olunub. Sonda mərasim iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.

AYNUR QARA

Müəllif | Apa.Tv
Apa.tv