Fransa İrəvana silah verilişini rəsmiləşdirir – APA TV
“Bəzi qeyri-regional dövlətlərin Cənubi Qafqaza öz keçmiş və indiki müstəmləkə təcrübəsini tətbiq etmək və regionda ksenofob siyasəti genişləndirmək cəhdləri, o cümlədən Ermənistanı silahlandırması və onun nifrət təbliğatını dəstəkləməsi sülhə xidmət etmir”.
Bunu Azərbaycanın BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsinin müavini Tofiq Musayev bildirib. Tofiq Musayev qeyd edib ki, BMT Nizamnaməsinin, beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozuntusu kimi suveren Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən təxminən otuz il müddətində işğal edilməsini göstərmək olar. Tofiq Musayev bu kritik mərhələdə beynəlxalq ictimaiyyətin Ermənistanı öz beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etməyə çağıracağına ümid etdiyini qeyd edib.
Bu arada Paris və İrəvan oktyabrın 23-ü Fransa silahlarının, xüsusən də hava hücumundan müdafiə sistemlərinin verilməsinə dair sazişi rəsmiləşdirəcək. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornü “Le Parisien” saytına müsahibəsində bildirib. Lekornü bildirib ki, Ermənistana öz əhalisini qorumaq və sərhədlərinin mühafizəsini təmin etmək imkanı vermək lazımdır.