Fransada etirazlar başladı: 10 mindən çox polis cəlb olundu

Fransada 1 milyondan çox insan pensiya islahatlarına etiraz olaraq küçələrə çıxıb. Bu barədə Fransa Daxili İşlər Nazirliyi xəbər verib. Bildirilib ki, nümayişlərdə ümumilikdə 1 milyon 120 min insan iştirak edib. Eyni zamanda, paytaxt Parisdə aksiyalara 80 min insan qatılıb. Təşkilatçılar aksiyaların pensiya yaşının 64-ə qaldırılmasına qarşı etiraz edirlər. Qeyd olunub ki, nəqliyyat, energetika, təhsil, səhiyyə və bir neçə xidmət sahələrinin işçiləri aksiyaya qoşulublar. Aksiyaçılar qanunun pensiya yaşı ilə bağlı ediləcək dəyişikliyin ləğv edilməcəyi halda aksiyalara davam edəcəyini bildiriblər. Təşkilatçılar ölkənin 200-dən çox şəhərində aksiyaların keçiriləcəyini ehtimal edirlər.

Hökumət vətəndaşlara dəmiryolu, metro və digər nəqliyyatlarda problemlərin müşahidə olunacağı ilə bağlı xəbərdarlıq edib. Bildirlib ki, aksiyalar, həm də aeroportların fəaliyyətinə mənfi təsir edəcək. Etirazların yatırılmasına 10 mindən çox polis və jandarm cəlb olunub. Parisdə və bəzi şəhərlərdə polislə toqquşmalar yaşanıb.

Qeyd edək ki, Fransanın Baş naziri Elizabet Born yanvarın 10-u Fransanın pensiya islahatlarının əsas istiqamətlərini təqdim edib. Fransa hökuməti isə sözügedən islahatı 2023-cü il sentyabrın 1-dən tətbiq etməyi planlaşdırır. Hökumətin planına əsasən, ölkədə pensiya yaşı ildə 3 ay olmaqla 62-dən 64-ə qədər artırılacaq və bu proses 2030-cu ilə qədər davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv