Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Azərbaycanın Fransa səfirliyinin qarşısında bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən etiraz aksiyası keçirilib.
APA TV-nin məlumatına görə, iştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa ATƏT-dən rədd ol!" kimi şüarlar səsləndiriliblər.
Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar. Bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya kölgə salır: "Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə göz yuman, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizm riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi. Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik".
Aksiya iştirakçıları aksiyaların davamlı olacağını bildiriblər:
- Düşünürük ki, bu Fransanın ATƏT-in MİNSK qrupunun üzvü kimi missiyasına ziddir. Etirazlarımız davamlı olacaq. O vaxta qədər ki, artıq Fransa Senatı öz qərarını ləğv etsin.
Bu günki gün “Qarabağ Azərbaycandır!” devizinə heç kim kölgə sala bilməz. Qarabağ əzəli Azərbaycan torpağıdır və Fransa da bunu bilməlidir.
Qeyd edək ki, bəyanat 40-a yaxın yerli qeyri-hökumət təşkilatı tərəfindən imzalanıb. Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.
İslam Qədirli,
Əli Ələkbər,
APA TV