Fuad Muradov: “ABŞ Konqresinin “erməni soyqırımı” ilə bağlı...”
"ABŞ Konqresinin Nümayəndələr Palatasında bir neçə gün əvvəl "erməni soyqırımı"nın tanınmasına dair qəbul olunmuş qətnamənin hüquqi əsası yoxdur".
APA TV-nin məlumatına görə, bunu ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüş zamanı jurnalistlərə açıqlamasında Diasporla iş üzrə Dövlət Komitəsinin sədri (DİDK) Fuad Muradov deyib.
Diqqət ayrılmalı daha bir vacib məqam isə həmin gün bəzi ermənipərəst konqresmenlərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Mais Mailyanı ora dəvət etməsi və onunla Azərbaycanın işğaldakı ərazilərində “demokratiya” ilə bağlı müzakirələr aparmasıdır:
“Belə görüşlərin keçirilməsi heç də ABŞ-ın rəsmi mövqeyi deyil. Bu görüşlər daha çox müxtəlif bəhanələrlə ələ alınmış bəzi siyasi dairələrin təşəbbüsü ilə baş tutur. Buna xüsusi əhəmiyyət verməyə ehtiyac yoxdur. Bununla belə, bizim xaricdə yaşayan icmamız, vətənpərvər insanlar həmin gün binanın qarşısında piket keçirib. Orada Azərbaycan həqiqətlərini, Qarabağın işğal olunması faktını, ermənilər tərəfindən hər gün atəşkəsin pozulmasını, eyni zamanda dinc sakinlərin öldürülməsini, Dilqəm Əsgərov və Şahbaz Quliyevin bu günə qədər girov saxlanmasını və digər məsələləri çatdırıblar".
Fuad Muradov qeyd edib ki, həmin gün özünü demokratik müxalifət adlandıran nümayəndə heyəti də Vaşinqtonda olub.
"Xüsusən Cəmil Həsənli, həmçinin, onun ətrafındakılar, guya Azərbaycana, Dağlıq Qarabağa görə narahat olanlar, özlərini vətənpərvər hesab edən qüvvələr Azərbaycan icmasına dəstək verməyiblər. Bu insanlar özlərini demokratik qüvvə, xalqın təəssübkeşləri elan ediblərsə, özlərini orda göstərə bilərdilər. Azərbaycanın əleyhinə müxtəlif tədbirlər keçirənlər nəyə görə Azərbaycan torpaqlarının işğal olunması faktını dünyaya çatdırmır, bizə qarşı müxtəlif aksiyalar keçirilən erməni lobbisinə cavab vermirlər? Ona görə ki, havadarlar və mərkəz bəllidir”.
Fuad Muradov qeyd edib ki, Azərbaycan Prezidentinin siyasəti ondan ibarətdir ki, bütün beynəlxalq tədbirlərdə hər bir fürsətdən istifadə edərək Dağlıq Qarabağ həqiqətlərini çatdıraq: “Dağlıq Qarabağla bağlı bütün məsələlərdə Azərbaycan diasporu yaxından iştirak edir. Bu, böyük çoxluqdur. Bəzi kiçik qruplar var ki, azərbaycanlı olsa da, öz hərəkətləri ilə bunu göstərmir. Bu baxımdan inanıram ki, hər iki icma gələcək planlarını daha da mükəmməl şəkildə quraraq bu çirkin təbliğata qarşı öz sözünü deyəcək".
Qeyd edək ki, oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatasının saxta "erməni soyqırımı"nın tanınması ilə bağlı qətnamə qəbul edilib.