Füzuli hava limanının uçuş zolağı ilin sonunda hazır olacaq - REPORTAJ

Füzulidə təmir-bərpa və yenidənqurma işləri tam sürəti ilə davam etməkdədir. Bu əsnada şəhərdə dövlət qurumlarının binalarının, sosial obyektlərin və strateji əhəmiyyətə malik binaların inşasına başlanılıb. Ərazidə strateji əhəmiyyətə malik olan belə məkanlardan biri də təməli bu ilin yanvar ayının 14-də Prezident İlham Əliyev tərəfindən atılan Füzuli şəhərinin beynəlxalq hava limanıdır.

 

APA TV-nin məlumatına görə, ölkə başçısının müvafiq tapşırığına əsasən, işğaldan azad olunmuş Füzuli rayonunun ərazisində “Füzuli beynəlxalq hava limanının tikintisi” layihəsi üzrə işlərə bir neçə gün öncə başlanılıb və bu ilin sonuna kimi hava limanının uçuş meydançasının təhvil verilməsi gözlənilir:

 

Gələn il fəaliyyətə başlaması gözlənilən hava limanından ölkə daxilinə və xaricinə aviareyslərin təşkil olunması planlaşdırılır. Bununla da xarici vətəndaşlar və xaricidə yaşayan azərbaycanlılar da işğaldan azad edilmiş ərazilərimizə rahat bir şəkildə səfər edə biləcəklər.

 

Hava limanının ərazisində inşa olunacaq obyektlər sırasına və görüləcək işlərə beynəlxalq standartlara cavab verən aerovağzal binası, perron, yönəldici yol, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, aeronaviqasiya və meteoroloji avadanlıqlarının quraşdırılması, 2 ədəd 1000 kVa (kilovolt-amper), 2 ədəd isə 400 kVa gücündə olmaqla 4 transformator yarımstansiyalarının tikintisi, köməkçi binalar, qurğular və xarici mühəndis kommunikasiyalarının inşası və hava limanının uçuş-enmə zolağının inşası daxildir. Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 45 metr olacaq:

 

Hazırda dayandığımız yer Füzuli hava limanının uçuş zolağı üçün nəzərdə tutulan ərazidir. Buradakı tikinti işləri "AzVirt" şirkəti tərəfindən həyata keçirilir. İşlər tamamlandıqdan sonra Füzuli şəhərinə səfər edəcək şəxsləri gətirən ilk təyyarələr enmə zolağı üçün nəzərdə tutulmuş bu əraziyə eniş edə biləcəklər.

 

238 min kv. metr ərazini əhatə edəcək uçuş enmə zolağı asfalt-beton qatı ilə örtüləcək. Hava limanının uçuş-enmə zolağının tikintisini həyata keçirən "AzVirt" şirkətinin baş mühəndisi Cəfərağa Şiriyev bildirib ki, işğaldan öncə bu ərazidə hava limanı olub və hazırda inşa olunan aeroport məhz köhnəsinin yerində inşa olunacaq: "İşin təşkili maksimumu sürətlə davam edəcək. Planlaşdırırıq ki, yazın gəlişindən sonra biz işimizi 24 saatlıq iş rejimində təşkil edəcəyik".

 

Tikinti işləri ilə paralel olaraq hava limanının aerodrom ərazisinin 250 min kv. metrlik sahəsinin minalardan təmizlənməsi ilə bağlı xarici ölkələrdən dəvət olunan mütəxəssislər tərəfindən tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə hava limanının inşa olunacağı yerin minalardan təmizlənməsi prosesini sürətləndirilməsi üçün Böyük Britaniyanın "AARDVARK" şirkətinin istehsalı olan mina zərərsizləşdirən qurğu artıq əraziyə gətirilib. Şirkətin mütəxəssisi Devid Klark deyir ki, minalardan təmizlənməsində birbaşa iştirak edirlər: "Biz işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi layihəsində birbaşa fəaliyyət göstəririk. Artıq özüm şəxsən həm piyada əleyhinə, həm də tank əleyhinə minaların aşkar edilməsində iştirak edirəm. Ölkəmizdən gətirdiyimiz bu qurğu ilə işləmək vərdişlərini azərbaycanlı mütəxəssislərə öyrədəcəyik".

 

Uçuş-enmə zolağının işıq-siqnal sistemləri, eləcə də radionaviqasiya və meteoroloji avadanlıqlar ilə təchiz edilməsi üçün xarici şirkətlərlə müqavilələr bağlanılıb. Bu avadanlıqlar 2021-ci ilin sonunadək ölkəmizə gətirilərək Füzuli hava limanında quraşdırılacaq.

 

AZAL-ın vitse-prezidenti Etibar Hüseynov bildirib ki, layihəyə əsasən, “Füzuli 110/35/10 kV”-luq yarımstansiyasından 6 km 10 kV-luq xarici elektrik xəttinin, 4 km 10 kV-luq daxili elektrik xəttinin, işıq-siqnal sisteminin quraşdırılması üçün 130 km elektrik kabel xətlərinin və digər xarici və daxili mühəndisi şəbəkənin çəkilməsi planlaşdırılır: "Hazırda biz Laçın-Kəlbəcər bölgəsində yeni hava limanının tikintisi ilə əlaqədar yerin seçilməsi ilə bağlı araşdırmalar aparırıq. Yeni aeroport ya Laçın rayonunun, ya da Kəlbəcər rayonunun ərazisində olacaq. İndidən dəqiq yer deyə bilmərik. Çünki burada uçuşların təhlükəsizliyi baxımından, avadanlıqlar nöqteyi-nəzərdən və ərazinin də dağlıq relyefini nəzərə alıb seçim etmək lazımdır".

 

Vitse-prezident bildirib ki, hazırda Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanının tikintisi məqsədilə yerin müəyyən olunması cari ilin aprel ayının sonunadək müəyyən olunacaq.

 

HƏMİDAĞA MƏCİDOV,

ÜZEYİR AĞAYEV,

APA TV,

FÜZULİ

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv