Füzulidə neolit dövrünə aid məzarlıq aşkarlanıb

Füzulidə aparılan arxeoloji qazıntılar zamanı tarixə bu günədək məlum olmayan tapıntılar aşkarlanıb. 

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hazırda tədqiq olunan Lələtəpə neolit yaşayış məskənində neolit məzarlıqları araşdırılır.

 

Lələtəpə qədim yaşayış məskəni Füzulinin işğal altında olan Horadiz kəndinin ərazisində yerləşir. Təpənin ümumi ərazisi 1 hektar, hündürlüyü isə 6 metrdir. Ötən il kəşfiyyat xarakterli aparılan qazıntılardan sonra yüksəkliyin qədim yaşayış məskəni olduğuna qərar verilib.

 

Hazırda qazıntı işləri cənub-şimal istiqamətində 95 kvadratmetr ərazidə aparılır. Təxminən 2,5 metr neolit dövrünə aid mədəni təbəqə qazılaraq öyrənilib. Burda dairəvi tikililər, böyük platforma tipli tikili, və Qafqaz neoliti dövrünə aid olan məzarlıq aşkarlanıb.

 

Arxeoloqların sözlərinə görə, bu günə kimi neolit dövrünə aid məzarlıq aşkarlanmayıb.

Amma yeni tədqiq olunan abidədə  10-dək uşaq və böyüklərə aid skelet aşkarlanıb.

 

Bundan başqa, 400-500 litr həcmi olan böyük küplər və ən maraqlısı 100-dək çay daşından hazırlanan sapand daşı aşkarlanıb.

 

Hazırda öyrənilən 2,5 metr səviyyədə mədəni təbəqədə aşkarlanan 4 tikinti təmizlənərək öyrənilib.

 

Aşkar olunmuş tapıntılar xüsusilə böyük küplər Füzuli Tarix Diyarşünaslıq muzeyinə təqdim ediləcək.

 

Habil Aslanoğlu,

Arzu Quliyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv