Füzulinin azad olunmasından iki il ötür

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. 

Vətən müharibəsinin ilk günlərindən başlayaraq oktyabrın 17-dək Füzuli rayonun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunmuşdu. Ancaq həmin gün, Füzuli şəhərinin azad olunduğu gün bütün füzulililər və Azərbaycan xalqı şanlı qələbənin sevincini doyunca yaşadı.

Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa etdiyi müraciətdə həmin gün Füzuli şəhəri ilə yanaşı, Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu elan etdi.

Füzuli rayonun kəndlərində olduğu kimi, şəhərin də işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib.
 

Qeyd edək ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər şəhərin mərkəzini və ətraf kəndləri qarət edərək xarabalığa çevirdikdən sonra bütün yolları, məzarlıqları dini, tarixi, mədəni abidələrin qalıqlarının ərazisini minalayıb, təbiətə qarşı vandallıq əməlləri ilə ekoloji terror törədiblər.

İndi Füzuli azaddır. Şanlı Azərbaycan ordusu Füzulini işğalçılardan azad edəndən sonra dövlət tərəfindən burada yenidənqurma və bərpa işlərinə başlanılıb. Döyüş vaxtı ordumuzun Şuşaya doğru hərəkət etdiyi keçilməz cığırların yerində indi Zəfər yolu var. Və bu yol Şuşaya aparır.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV, Füzuli


 

Müəllif | Apa.Tv
Apa.tv