Füzuliyə öncə bu kəndlərin sakinləri köçürüləcək

Ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli rayonunda da geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib.

Bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

O bildirib ki, qısa müddət ərzində ən yüksək beynəlxalq standartlara cavab verən hava limanı inşa edilərək istismara verilib, Zəfər yolunun tikintisi yekunlaşıb, Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istifadəyə verilib: “Həmçinin Özbəkistan Respublikası tərəfindən inşa edilən tam orta məktəbin, Qazaxıstan Respublikası tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəlləsinin və s. obyektlərin tikintisi sürətlə davam etdirilməkdədir”.

Namiq Hümmətov Komitə tərəfindən Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görüldüyünü də diqqətə çatdırıb: “Füzuli şəhərinin Baş Planı martın 18-də Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2022-2026-cı illərdə bərpa olunan yaşayış məntəqələri üzrə “ağıllı kənd” konsepsiyası ilə inşa olunacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiq edilib, həmçinin Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazırlanıb və həmin sənədlərin də qısa müddət ərzində təsdiq edilməsi təmin olunacaq. Dövlətyarlı kəndində tikinti işlərinin cari ilin avqust ayında, Pirəhmədli və Dədəli kəndlərində isə cari ilin oktyabr ayında başlanılması planlaşdırılır. 2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin - Qarğabazar, Cuvarlı, Qoçəhmədli, Qarakollu, Qaraxanbəyli, Horadiz və Mirzəcamallı kəndlərinin layihələndirilməsi nəzərdə tutulur”.

Namiq Hümmətov həmçinin bildirib ki, Füzulidə 2023-cü ildə 399, 2024-cü ildə 447, 2025-ci ildə 2317, 2026-cı ildə 2515 evin inşası həyata keçiriləcək.

Onun sözlərinə görə, MİDA tərəfindən inşa olunan 846 mənzillik yaşayış kompleksinə 2024-cü ildə ilk əhali (2904 nəfər) köçürüləcək:

“Bütövlükdə tikiləcək evlərə 21 593 nəfər, o cümlədən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır”.

Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50000 nəfərə çatacağı nəzərdə tutulur.

Bu, Füzulinin Baş Planında əksini tapıb.

Sənəddə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması təklif edilir.

Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan eko parkın salınması planlaşdırılıb.

 

Habil aslanoğlu, Ziya İsmayılov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv