Gədəbəydə qadına qarşı soyğunçuluq edən ata və oğlu tutuldu
Gədəbəydə qadına qarşı soyğunçuluq edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Şabran rayon sakini Natiq Zülfüqarov yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə parkda gəzən qadının cibində pul gördükdən sonra onu izləməyə başlayıblar. DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyir ki, qadını yaşadığı ünvana qədər təqib edən ata və oğul orada hadisəni törədiblər: “Soyğunçuluq edərək 1000 manat nağd pulu və 1 ədəd mobil telefonu ələ keçirməkdə şübhəli bilinən Zülfüqarov Natiq və onun yeniyetmə oğlu saxlanılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər qadını əvvəlcədən təqib ediblər, daha sonra onun evdə tək olmasını müəyyənləşdirdikdən sonra evə qanunsuz daxil olublar”.
Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini deyiblər:
- Parkda qadının cibində pul olduğunu gördük. Bir az o tərəfə, bu tərəfə gəzdik. Xanım da gəzirdi. Sonra xanım mağazaya tərəf getdi. Mağazadan çıxandan sonra bizdə arxasınca düşdük.
- Evin arxa tərəfindən içəri girdim. Qapını açanda gördüm uşağı yelləyir. Dedim pullar var, arxa cibində bayaq görmüşəm. Dedi pul yoxdur. Stolun üstündə pul qabını görüb üstünə tərəf getdim. Pul qabının ağzını açanda üstümə gəldi, mən də itələdim. İçərisində 900 manat pul var idi. Bunu götürdüm, bir telefonu, bir də əlavə 70 manat pulu götürdüm.
Bundan başqa, istintaq zamanı atanın Şəmkir rayonu ərazisində oğurluq etdiyi, yetkinlik yaşına çatmayan oğlunun isə Bakıda soyğunçuluq törətdiyi məlum olub.
Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.