Gedişhaqqı əslində niyə artırıldı?

İctimai nəqliyyat xidmətləri göstərən daşıyıcı şirkətlər sərnişindaşıma xidmətlərinin tariflərinə baxılması təklifi ilə Tarif  Şurasına müraciət ediblər.Təkliflərə görə, bundan sonra sərnişindaşıma tarifi 40 qəpik təşkil edəcək. Yəni müntəzəm şəhərdaxili marşrutlarda tarifinin yuxarı həddi 40 qəpik olacaq. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarif məsafədən asılı olaraq, 40 qəpik-1 manat arası təşkil edəcək. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunacaq. Bakı-Sumqayıt avtobus marşrutlarında tarif 60 qəpik olacaq. Məlum qərar fevralın 3-dən sonra qüvvəyə  minəcək. Daşıyıcı  şirktlərin rəhbərləri deyir ki, qiymətin 0.10 qəpik qalxması belə onlara sərf etmir. Çünki mövcud tariflər sərnişin daşınmasının maya dəyərindən aşağıdır. Avtobusların müxtəlif markada və qiymətdə olması tarif tənzimlənməsində vahid yanaşmaya imkan vermir - 1 sərnişinin daşınmasının maya dəyəri ilə tarif arasında fərq, bəzi hallarda 2 dəfəyə yaxın təşkil edir          

Ümumiyyətlə son 7 il ərzində Azərbaycana 1466 avtobus gətirilib ki, bu da avtobus parkının 61% yenilənməsi deməkdir.  Yalnız ötən il 170-i dövlət investisiyası, 85-i daşıyıcılar tərəfindən olmaqla ümumilikdə 255 ədəd avtobus gətirilib. Hazırda 177 marşrut xətti üzrə xidmət göstərilir, onlardan 40%-i şəhərdaxili, 60%-i şəhərətrafı marşrut xətləridir. 2022-ci ildə Bakı şəhərində, Bakı ətrafı qəsəbə və kəndlərdə 8 yeni müntəzəm marşrut xətti yaradılıb, bu yeni xətlər ilə gündəlik orta hesabla 23 mindən artıq sərnişin daşınır. Son 7 ildə 1215 dayanacaq məntəqəsi təşkil olunub. Yalnız 2022-ci il ərzində 4-ü smart tipli pavilyon olmaqla ümumilikdə 278 yeni avtobus dayanacaq məntəqəsi qurulub.2022-ci ilin sonuna olan məlumata əsasən, Bakı şəhərində marşrut xətlərinin 50%-də, avtobusların isə 64%-də nağdsız ödəmə sistemi tətbiq olunub.Yeni  avtobuslarla gündəlik 600 mindən çox sərnişin daşınır.Sərnişindaşıma xidmətini həyata keçirən sürücülərin hazırlanması və ixtisasının artırılması məqsədilə 5000-dən artıq sürücüyə təlim keçirilib.Dövlət tərəfindən nəqliyyatda sərnişindaşıma sahəsinə dizel yanacağının tarif artımına görə 4,3 milyon manat, pandemiyaya və davamlı fəaliyyətə görə isə 47,6 milyon manat maliyyə yardımı göstərilib.O ki qaldı metroya, 2021-2022-ci illərdə 2 yeni stansiya açılıb. “8 Noyabr” və “Xocasən”. Xətlərin cəmi uzunluğu 40.7 km-ə, xətlərin sayı 3-ə, stansiyaların sayı 27-yə çatdırılıb.

Onu da qeyd edək ki, tariflərə məhz daşıyıcı şirkətlərin müraciətləri əsasında baxılıb. Yəni bu, dövlətin deyil, bu sahədə fəaliyyət göstərən şirkətlərin təklifidir. Sərnişindaşıma xidmətinin tarifləri ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında, yəni 5 il əvvəl qüvvəyə minib. Bu illər ərzində bütün dünyada olduğu kimi, Azərbaycanda da ehtiyat hissələrinin idxal qiymətinin artması, təmir xərcləri, avtomobillər üçün yağ və digər zəruri materiallar, daşımada istifadə olunan avtobusların keyfiyyətinin yüksək olması, yanacağın qiyməti və s. artması sərnişindaşıma xidmətinin maya dəyərinə ciddi təsir edib. Maya dəyərinə təsir edən daha bir məqam sərnişin sayının pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır. Məsələn, pandemiya dövründə metroda bir sərnişinin daşınmasının maya dəyəri 1 manat 53 qəpik (2020-ci il) və 1 manat 40 qəpik (2021) olub. Tarifin 30 qəpik olduğunu nəzərə alsaq, bu iki il ərzində metropolitenin nə qədər ziyanla işlədiyi aydın olur. İndinin özündə də sərnişindaşımada pandemiyadan əvvəlki dövrün göstəricilərinə dönmək mümkün olmayıb. Belə ki, 2022-ci il ərzində ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki dövrün cəmi 62%-ni təşkil edib. Tarif artımından sonra metro üzrə 20 milyon manat, avtobus nəqliyyatı ilə daşımalar üzrə isə 200 milyon manat əlavə vəsaitin yaranacağı gözlənilir. Yeni tarifin qəbulundan sonra belə Bakıda sərnişin daşıma tarifləri əksər MDB ölkələri ilə müqayisədə ən aşağı qiymət hesab olunur. Avropa ölkələrində isə nəqliyyatda tariflər Azərbaycandakı göstəricilərdən dəfələrlə yüksəkdir.

Müəllif | Apa.Tv
Apa.tv