Gələn il “LİBRAFF”ın jurnalı nəşrə başlayacaq
"LİBRAFF" Mağazalar Şəbəkəsinin "Park Akademiya" filialında media-tur, həmçinin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
APA TV-nin məlumatına görə, "LIBRAFF" Mağazalar Şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu çıxış edərək bildirib ki, 2017-ci ilin əvvəlində fəaliyyətə başlayan "LIBRAFF"ın hazırda Bakıda 6, Gəncədə isə 1 filialı kitabsevərlərin xidmətindədir: "LİBRAFF" hazırda Azərbaycanın ən böyük modern kitab mağazaları şəbəkəsidir. Biz bununla fəxr edirik. 2020-ci ildə sayımızı artırmaq istəyirik. Əgər “LİBRAFF” bu gün tanınır, etimad göstərilirsə, bunu biz həmçinin mediaya borcluyuq. Biz gələcəkdə də bu istiqamətdə çalışacağıq. 2020-ci ildə filialların sayının artırılması, bu istiqamətdə əsasən regionlarda mərkəzlərin istifadəyə verilməsi nəzərdə tutulub".
C.Nəzəroğlu əlavə edib ki, "LİBRAFF" Azərbaycanda yeni bir kitab mədəniyyətinin təkanı olub.
Sonra "LİBRAFF" Mağazalar Şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Nadirli 2020-ci ildə görüləcək işlər barədə daha ətraflı məlumat verib:
"İnsanlara kitabsevərliyi və bu sahədə maarifləndirici işi görməklə bərabər sosial yönümlü işləri də həyata keçiririk. Bundan başqa, 2020-ci il üçün bizim prioritet istiqamətlərimizdən biri də media olan əlaqələrimizi genişləndirməkdir”.
Bundan əlavə, Rüfət Nadirli bildirib ki, uşaqlar üçün layihələr olacaq. "Nağılbaz" adlı layihəsi hazırdır. 2020-ci ildə isə "LIBRAFF"ın mətbu orqanı olan jurnal nəşrə başlayacaq.
Daha sonra Kulis.az saytının baş redaktoru, yazıçı Şərif Ağayar, yazıçı-jurnalist Vüsalə Məmmədova, tanınmış aparıcı İradə İsaq və başqaları çıxış ediblər.