Gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib. Mərasimdə Fövqəladə hallar nazirinin müavinləri, nazirliyin məsul vəzifəli şəxsləri, akademiyanın müəllim və professor heyəti, FHN akademiyasının kursantları və onların valideynləri iştirak ediblər. Əvvəlcə, mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış ümummili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Hərbi andiçmə və təntənəli buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər. Mərasimdə çıxış edən Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir müavini bildirib ki, keçirilən tədbir çox əlamətdar hadisələrin baş verdiyi bir vaxta təsadüf edir. Tədbir Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib. Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Təhməz Heydərov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb. ORXAN ASLAN ARİF ƏLİYEV APA TV