“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı və Sumqayıt Regional mərkəzlərinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

APA TV xəbər verir ki, yarış FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə baş tutub.

“Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olan yarışda Yasamal Rayon 31 saylı orta məktəbin komandası qalib olub. Nizami rayonu 229 saylı orta məktəb ikinci, Nizami rayonu 220 saylı orta məktəbin komandası isə üçüncü yeri tutub.

Abşeron - Xızı regionu üzə Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası  birinci yer, Xızı Sığalçay tam orta məktəbin komandası ikinci, Abşeron rayonu 3 saylı orta məktəbin komandası üçüncü yer tutub: “Məktəblər arasında keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.”

Sonda fərqlənmiş komandalar müvafiq yerlər üzə kubok və diplomlarla təltif olunub.

Qeyd edək ki, yarışda yer tutan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV, APA TV

Müəllif | Apa.Tv
Apa.tv