Gəncə avtovağzalında dezinfeksiya işləri aparılır
Gəncə Beynəlxalq Avtovağzalında koronavirusla bağlı qabaqlayıcı dezinfeksiya işləri görülür.
APA TV-nin yerli bürosunun məlumatına görə, dezinfeksiya tədbirlərini Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı xidməti, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilə birgə aparır.
Bildirilib ki, avtobuslar reyslərdən gəldikdən sonra yuyucu məntəqədən keçir, daha sonra dezinfeksiya olunur. Həmçinin kassalar, gözləmə zallarında da dərmanlanma işləri aparılır. Qeyd edək ki, avtovağzaldan respublikanın 64 şəhər və rayonlarına o cümlədən Gürcüstana və Rusiyaya sərnişin daşınması həyata keçirilir. Gün ərzində təxminən 100-ə yaxın nəqliyyat vasitəsi qrafikə uyğun olaraq avtovağzaldan yola düşür.
Bundan əlavə Avtovağzal Kompleksində xidmət aparan işçilər hər hansı bir virusa yoluxmamaq üçün maska və xüsusi əlcəklərlə təmin olunub. Beynəlxalq avtovağzal ərazisinin əhalinin sıx istifadə etdiyi bir məkan olduğu nəzərə alınaraq dezinfeksiya işləri mütəmadi olaraq təkrarlanır