Gəncə ilə bağlı yeni kitab işıq üzü gördü

Gəncədə memarlıq üzrə elmlər doktoru, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Azərbaycan Memarlıq İttifaqının üzvü, professor Rayihə Əmənzadənin “Gəncənin memarlıq salnaməsi (XII-XIX əsrlər)” adlı kitabının təqdimat mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxış edənlər “Gəncənin memarlıq salnaməsi (XII-XIXəsrlər)” adlı kitabın Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncə şəhərinin memarlıq tarixinin öyrənilməsinin, şəhərin tarixi nüfuzunun daha da artıracağını qeyd ediblər. Onlar kitabın Azərbaycan memarlığı tarixinə həsr edilmiş tədqiqat işlərinin və kitabların cərgəsində öz layiqli yerini tutacağına əmin olduqlarını ifadə ediblər.

 

Daha sonra professor Rayihə Əmənzadə çıxış edərək iştirakçılara kitab haqqında geniş məlumat verib: “Coğrafi baxımdan xüsusi mövqeyə sahib olan Azərbaycan müxtəlif dövrlərdə yadellilərin hücumlarına məruz qalıb, müharibə meydanına çevrilib. Lakin bütün bunlara baxmayaraq, ölkə ərazisində gözəl memarlıq abidələri tikilib. Bu abidələr arasında özünəməxsusluğu və xüsusi koloriti ilə seçilən isə Gəncə memarlığıdır. İnanıram ki, "Gəncənin memarlıq salnaməsi (XII XIX əsrlar)" kitabı xüsusi olaraq mütəxəssislər və memarlıqla maraqlananlar üçün nəzərdə tutulsa da, geniş oxucuların da diqqətini çəkəcək”.

 

Sonda Rayihə Əmənzadə kitabın ərsəyə gəlməsində və göstərilən dəstəyə görə, hər kəsə öz dərin təşəkkürünü bildirib.

 

 


 

Müəllif | Apa.Tv
Apa.tv