Gəncə sakinindən 40 min manatlıq heroin aşkarlandı
Gəncədə külli miqdarda “heroin” dövriyyədən çıxarılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəfələrlə məhkum olunmuş Məhərrəm Əliyev saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman çəkisi 2 qram olan “heroin” aşkar edilərək götürülüb: “İstifadə etmək məqsədi ilə Bakı şəhərində tanımadığım şəxsdən 3000 manata almışdım. Gətirmişdim Gəncə şəhərində saxlayırdım ki, özüm istifadə edim”.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyir ki, Məhərrəm Əliyevin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki mənzilinə keçirilən baxış zamanı oradan da “heroin” aşkar edilib: “Məhərrəm Əliyevin yaşadığı mənzilə baxış keçirilən zaman, oradan sellofan torbada, çəkisi 528 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib. M. Əliyev barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, ondan götürülən narkotik maddənin qara bazarda təxmini qiyməti 40 min manatdır.