Gəncə sakinləri Şəmkirdə otuz min manata yaxın pul oğurladılar
Şəmkirdə 6 evdən otuz min manata yaxın oğurluq edən şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qədim Qala kəndindəki evlərin birindən 50 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Babək Sadıqov saxlanılıb.
Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun həmyerlisi, əvvəllər məhkum olunmuş Fərid Torçiyevlə birgə daha bir evdən 12 000 manat pul, digər evdən isə 143 manat pul, 500 manat dəyərində qızıl-zinət əşyaları və içərisində bank kartı olan pul kisəsi oğurlaması, həmçinin həmyerlisi olan, əvvəllər məhkum olunmuş Xəlil Qarayev və Eltəkin Zeynalovla birgə daha bir evdən 136 ədəd özəlləşdirmə çeki, digər evdən 30 manat pul oğurlaması da müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Fərid Torçiyev, Xəlil Qarayev və Eltəkin Zeynalov da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV