Gəncə Şəhər İcra Hakimiyyəti əməliyyatla bağlı məlumat yaydı
Gəncə Şəhər İcra Hakimiyyəti saxlanılan sabiq işçilərlə bağlı məlumat yayıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, məlumatda bildirilir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin sabiq müdirləri işləmiş Məharət Mustafayev və Əli Rüstəmlinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbsi barədə əməliyyat şəhər İcra Hakimiyyətinin inzibatı binasında keçirilməyib.
“Gəncə Şəhər İcra Hakimiyyəti KİV nümayəndələrindən xahiş edir ki, bəzi xəbər başlıqlarında yanlışlığa yol verilməməsi üçün məlumatı rəsmi qaydada təqdim etsinlər”, -deyə məlumatda bildirilir.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı Elmar Vəliyevin vaxtında şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Əli Rüstəmov və Məharət Mustafayev barəsində Cinayət Məcəlləsinin 308-ci yəni vəzifə səlahiyyətlərini aşma, 178-ci dələduzluq, 311-ci rüşvət alma, 312-ci rüşvət vermə, 314-cü Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə maddələri ilə ittiham verilib.
Xatırladaq ki, Məharət Mustafayev 2011-2014-cü illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də işləyib.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV