Gəncə və Bərdədə qazilərə, şəhid ailələrinə psixoloji yardım göstəriləcək

Fövqəladə Hallar Nazirliyi 112 qaynar xətti vasitəsilə Vətən Müharibəsindən sonra psixoloji problemlər yaşayan qazilərə, şəhid yaxınlarına, erməni terroru zamanı  fiziki və mənəvi zərər görmüş vətəndaşlara xidmət  göstərməyə davam edir.

 

APA TV xəbər verir ki, fevralın 26-da Türkiyədən dəvət olunan peşəkar psixoloq və psixoterapevtlərin iştirakı ilə Gəncə və Bərdə şəhərlərində də həmin qrupdan olan vətəndaşların psixoloji reabilitasiyasına başlanacaq.

 

FHN-in Tibbi və Psixoloji Yardımın Təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyevanın sözlərinə görə, indiyədək 512 vətəndaşa psixoloji yardım göstərilib: “Azərbaycanın ən müxtəlif yerlərindən FHN-in 112 qaynar xəttinə zəng edib qeydiyyatdan keçən 512 nəfər vətəndaşımıza yardım göstərilib. Onlara 990 psixoterapevtik seans həyata keçirilib. Öncədən də qeyd olunduğu kimi, erməni terrorundan ən çox zərər görmüş şəhərlərimizdə də vətəndaşların qəbulu, Gəncə və Bərdədə də 26 fevral tarixindən başlanılacaq. İstər 112 qaynar xəttinə, istərsə də psixoloqların qəbuluna yazılmaq ödənişsiz şəkildə həyata keçirilir”.

 

Türkiyədən dəvət olunan psixoloq Selçuk Demirbaş deyir ki, müharibə sindromu ilə müraciət edənlərin ilk seansdan sonra səhhətində yaxşılaşma müşahidə olunur: “Ən çox post-travmatik stress pozuntusu ilə gəlirlər. Bu, müharibə sindromudur və müharibə sonrası gözlənilən bir şeydir. Ən çox şiddətli baş ağrıları, aqressivlik, yuxusuzluq, yaxınlığına bomba düşməsi nəticəsində bir anda dilin tutulması, qulaq tutulması halları müşahidə olunur. Bədənlərindəki o ağır stress ilk seansdan sonra azalmağa başlayır, ikinci seansdan sonra pasiyentlərin vəziyyətində daha da irəliləyiş müşahidə edirik. Müraciət edənlərin arasında iki nəfər zehin tutulması ilə gəlmişdi. Onların göz hərəkət qabiliyyətləri də itmişdi. Bu vətəndaşlar indi yaxşılaşıblar və normal ünsiyyət qururlar”.

 

10 gündür ki, psixoloji yardım göstərilən Qarabağ qazisi Ömər Əmiraslanov da müharibədən sonra yaşadığı psixoloji problemlərdən xilas olduğunu deyir: “28 saat yaralandığım yerdə qaldım. Sonra əsgər yoldaşlarım sağ olsunlar ki, məni oradan çıxardılar. Bəzi psixoloji problemlərim var idi, gecə yata bilmirdim. Həmin o şəhidlər yuxuma girirdi, gözümün qarşısına gəlirdi, yata bilmirdim. Mən 3 seansdır gəlirəm, 10 gündür artıq hər şey qaydasındadır. İndi yaxşıyam”.

 

Qeyd edək ki, Gəncə və Bərdə şəhərlərində vətəndaşlara göstərilən psixoloji yardım 1 ay müddətində davam edəcək.

 

Fatma Zahidqızı,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv